Mikayıl Cabbarov 9 ildə Azərbaycan iqtisadiyyatına yönəldilən investisiyaların həcmini açıqladı

16:11 - 20.10.2023


20 oktyabr, Fineko/abc.az. Azərbaycanda biznes mühitinin daha da təkmilləşdirilməsi və investorların gözləntilərinin yaxşılaşması müşahidə edilir. Bu, beynəlxalq təşkilatlar tərəfindən keçirilən sorğuların nəticələrindən sonra məlum olub.

ABC.AZ xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Azərbaycan” qəzetində dərc edilmiş “Azərbaycan: güclü iqtisadi potensialı olan qalib dövlət” məqaləsində yazıb.

Nazir məqalədə qeyd edib ki, 154,1 milyard ABŞ dolları xarici investisiya olmaqla, 2003-2022-ci illər ərzində ölkə iqtisadiyyatına yönəldilən investisiyaların ümumi həcmi 310,4 milyard dollar təşkil edib.

“2002-ci ildə iqtisadiyyata yönəldilən investisiyaların həcmi 2,8 milyard dollar idisə, 2022-ci il üzrə bu rəqəm 17,1 milyard dollar təşkil edib. 2003-2022-ci illər ərzində ölkə iqtisadiyyatına qoyulmuş birbaşa xarici investisiyaların (BXİ) həcmi 100,7 milyard dollar olub. Ölkədə investisiya mühitinin cəlbediciliyinin artırılması yönündə müxtəlif tədbirlər həyata keçirilir. Xarici investorlar üçün "vahid pəncərə" prinsipi tətbiq edilir və onlara müxtəlif istiqamətlər üzrə dəstək göstərilir. Həmçinin birbaşa xarici investisiyaların təşviqinə dair strategiya hazırlanır”, - nazir qeyd edib.