Azərbaycanın xarici dövlət borcu 1,7 faiz azalıb

10:08 - 15.08.2023


15 avqust, Fineko/abc.az. İyulun 1-nə Azərbaycanın xarici dövlət borcu 6 milyard 576,9 milyon dollar və ya 2023-cü il üzrə proqnozlaşdırılan Ümumi Daxili Məhsulun (ÜDM) 10 faizini təşkil edib.

ABC.AZ Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, cari ilin ötən dövrü ərzində cəlb edilən vəsaitlər, yerinə yetirilən əsas borc öhdəlikləri, habelə xarici valyuta məzənnələrində baş vermiş dəyişikliklər nəzərə alınmaqla, 2023-cü ilin 1 iyul tarixinə xarici dövlət borcu ilin əvvəli ilə müqayisədə mütləq ifadədə 116,3 milyon dollar və ya 1,7 faiz azalıb.

Hesabat dövrünə xarici dövlət borcunun valyuta tərkibi aşağıdakı kimi olub: XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) – 3,4 faiz, valyutalar üzrə isə ABŞ dolları ilə – 88 faiz, avro – 5,2 faiz, yapon yeni – 2,8 faiz, digər valyutalar – 0,6 faiz.

Dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər xarici borc məbləğinin 42,4 faizini, sabit dərəcə ilə olanlar isə 57,6 faizini təşkil edib.
Xarici dövlət borcunun 49,4 faizi 5 ilə qədər olan müddətdə, 42,6 faizi 5 ildən 10 ilə qədər olan müddətdə, 8 faizi isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.