Orta çəkili inflyasiya 2 dəfədən çox azalıb - Taleh Kazımov

11:26 - 26.07.2023


26 iyul, Fineko/abc.az. Bizim inflyasiyanın azalmasının əsas səbəblərindən biri tərəfdaş ölkələrdə inflyasiyanın azalması, dünya əmtəə bazarlarında qiymətlərin enməsi, beynəlxalq yükdaşıma xərclərinin pandemiyadan əvvəlki səviyyələrə qayıtmasıdır.

ABC.AZ xəbər verir ki, bunu Mərkəzi Bankın uçot dərəcəsinin elan olunması ilə bağlı keçirilən mətbuat konftansında Baş Bankir Taleh Kazımov bildirib.

O qeyd edib ki, qiymətləndirmələrə görə ticarət tərəfdaşı olan ölkələr üzrə orta çəkili inflyasiya cari ilin iyununda ötən ilin oktyabrında müşahidə edilən pik səviyyə ilə müqayisədə 2 dəfədən çox azalıb:

"Bu əsasən qlobal iqtisadi aktivliyin zəifləməsi, qlobal enerji qiymətlərinin azalması və əksər ölkələrdə həyata keçirilmiş sərt pul siyasəti ilə izah edilir. Dünya Bankının əmtəə bazarları haqqında son hesabatına əsasən iyunda illik əsasda əmtəə qiymətləri 37.1%, o cümlədən enerji qiymətləri 45.1%, qeyri-enerji qiymətləri 15.1% enib. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə ərzaq qiymətləri iyunda illik əsasda 20.9% azalıb".

Müəllif: Elmir Murad