Səhv ödənişlərə görə kompensasiya veriləcək - Detallar

11:00 - 22.06.2023


22 iyun, Fineko/abc.az. Ödəniş xidməti təchizatçısı ödəniş sərəncamını icraya qəbul etdiyi vaxtdan növbəti iş günündən gec olmayaraq icra etməlidir. 

ABC.AZ xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, ödəniş təşkilatı istisna olmaqla digər ödəniş xidməti təchizatçılarına verilən ödəniş sərəncamında həmin sərəncamın icrası üçün fərqli müddət razılaşdırıla bilər. Razılaşdırılan müddət ödəniş sərəncamının icra müddəti hesab edilir və həmin gün icra edilir. Bu müddət qeyri-iş gününə düşdükdə, ödəniş sərəncamının icra müddəti növbəti iş günü hesab edilir. Ödəniş xidməti təchizatçısı vəsait alanla bağladığı müqavilədə birbaşa debitləşmə ilə bağlı ödəniş əməliyyatlarının razılaşdırılmış tarixdə həyata keçirilməsinə imkan yaratmaq üçün vəsait alan tərəfindən verilən ödəniş sərəncamının ödəyiciyə xidmət göstərən ödəniş xidməti təchizatçısına vəsait alanla razılaşdırdığı tarixdə göndərilməsini təmin etməlidir. Ödəniş terminalları vasitəsilə ödəniş xidmətlərinin göstərilməsi istisna olmaqla, vəsait alanın xeyrinə ödəniş xidməti təchizatçısına daxil olan pul vəsaiti həmin əməliyyat günü vəsait alanın ödəniş hesabına mədaxil edilməli və (və ya) pul vəsaitinin istifadəsinə imkan yaradılmalıdır. Hesaba mədaxil edilməli olan pul vəsaitinin valyutası hesabda olan məbləğin valyutasından fərqli olduqda pul vəsaitinin hesaba mədaxil edilməsi müddəti ödəniş xidməti istifadəçisi ilə ödəniş xidməti təchizatçısı arasında bağlanılmış müqavilə ilə tənzimlənir.