Türkiyənin ödəniş şirkəti Azərbaycana gəlir - Lisenziya alacaq

16:16 - 14.06.2023


14 iyun, Fineko/abc.az. Türkiyənin Turan Teknoloji Anonim Şirketi (Turan) ödəniş sistemi Azərbaycanda fəaliyyət göstərmək üçün lisenziya almağı planlaşdırır.

ABC.AZ xəbər verir ki, bu barədə "United Payment" MMC-nin baş direktoru Edqar Abdullayev deyib.

Onun sözlərinə görə, Azərbaycanda artıq "Turan Teknoloji" MMC şirkəti yaradılıb.

"Azərbaycanın tənzimləyici orqanı tərəfindən müvafiq qanunvericilik aktları qəbul edildikdən sonra elektron pulqabı xidməti göstərməyə başlayacağıq. Azərbaycandan sonra digər türkdilli ölkələrdə, xüsusən Qazaxıstan, Qırğızıstan və Özbəkistanda da Turan nümayəndəliyi açmağı planlaşdırırıq. Hesab edirik ki, bu, ölkələrimizin iqtisadiyyatlarını yaxınlaşdıra biləcək, həmçinin türkdilli ölkələr arasında pul köçürmələrini sadələşdirməyə imkan verəcək", - deyə o qeyd edib.