15:12 - 17.10.2022
17 oktyabr, Fineko/abc.az. Əmlak Məsələləri Dövlət Xidmətində İşçi Qrupunun növbəti iclası keçirilib.
Xidmətdən ABC.AZ-a verilən məlumata görə, iclasda “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin özəlləşdirməyə açılmış müəssisə və obyektlərinin özəlləşdirilməsi istiqamətində görülən işlər haqqında məlumat dinlənilib.
İşçi Qrupunun üzvlərinə “ASK Şüşə” və “ASK İzolit” məhdud məsuliyyətli cəmiyyətləri barədə məlumat verilib, maliyyə-iqtisadi göstəriciləri təhlil edilib.
Bununla yanaşı, “Bakı Ayaqqabı Fabriki” ASC, “ASK Şəki SES” və “ASK Tekstil” MMC-lər haqqında təqdimatlar dinlənilib, məsləhətçi şirkətin təklifləri əsasında “Bakı Ayaqqabı Fabriki” ASC-nin investisiya müsabiqəsində satışı ilə bağlı iddiaçılar qarşısında qoyulması məqsədəuyğun hesab olunan şərtlər də nəzərdən keçirilib.