Azərbaycan Bankları bu şəxslərə kredit vermir

16:15 - 5.09.2022


5 sentyabr, Fineko/abc.az. Son illər Azərbaycan banklarında likvidlik kifayət yüksək olduğundan onlar əhaliyə və biznesə aktiv şəkildə pul təklif edirlər. Bununla belə, bankların hər yoldan ötənə kredit ayırdığını demək olmaz. Kredit təşkilatları bir qayda olaraq gəliri kifayət qədər olmayan, mənfi kredit tarixçəsi və qeydiyyatla bağlı problemləri olan şəxslərə borc vermirlər. Son günlər isə sosial şəbəkələrdə əhalinin daha bir təqəbəsinin kredit almaq imkanlarının məhdudlaşdırılması barədə xəbərlər yayılıb. Söhbət I qrup əlillərdən gedir. Bəs bu nə dərəcədə doğrudur və qanunidir?

ABC.AZ Report-a istinadən xəbər verir ki, Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli deyir ki, qanunvericiklikdə əlilliyi olan şəxslərə kredit verilməməsi ilə bağlı qadağa yoxdur:

“Hər hansı bankın daxili sənədində də belə bir qadağa yoxdur. Ancaq bank kommersiya təşkilatı olduğu üçün bəzi kriteriyaları nəzərə alır. Bu kriteriyalara hansı şəxslərin krediti qaytara bilmək imkanın olduğu aiddir. Əlillərin sosial müavinəti və pensiyası banklar üçün uyğun olmadığına görə kredit verilmir. Əgər əlil şəxs 300 -350 manat pensiya və yaxud sosial müavinət alırsa, banklar hesab edir ki, bu şəxslər krediti qaytara bilməz. Kredit verən bankların göstərə, istinad edə biləcəyi heç bir normativ hüquqi baza yoxdur. Lakin bütün hallarda olmasa da, bir çox hallarda əlilliyi olan şəxslərə kredit verilmir".