İordaniyadakı səfirliyimizdə büdcə pulu mənimsənilib

15:11 - 10.02.2022


10 fevral, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti bəzi nazirliklərdə qanun pozuntuları aşkarlayıb.

ABC.AZ-ın məlumatına görə, pozuntular bununla kifayətlənmir. Belə ki, Azərbaycanın İordaniya Səfirliyində aparılan nəzarət tədbiri ilə səfirlikdə mövcud qaydalara zidd olaraq icarə haqqı və kommunal xidmətlər üçün vəsaitin faktiki dəyərindən artıq rəsmiləşdirilməsi və ödənilməsi, xidməti zərurət adı ilə hədiyyələrin təqdim edilməsinin müvafiq qaydada sənədləşdirilmədiyi aşkar edilib.

Nəzarət tədbirləri üzrə artıq və əsassız ödənilmiş vəsaitləri məsul vəzifəli şəxslər dövlət büdcəsinə ödəyərək bərpa olunub, prokurorluq və hüquq-mühafizə orqanlarının qərarlarına əsasən, aparılan nəzarət tədbirləri ilə aşkar edilən artıq və əsassız ödənişlərin bir hissəsi ibtidai istintaq zamanı təqsirkar şəxslərin nağd qaydada dövlət büdcəsinə ödəməklə bərpa edilib, qalan hissəsinin bərpası isə məhkəmə qərarlarına əsasən, təqsirkar şəxslərin əmlaklarına yönəldilməklə hazırda davam etdirilir.