16:37 - 16.08.2021
16 avgust, Fineko/abc.az. 2021-ci ilin 7 ayında Azərbaycana 474,615 mln. ABŞ dolları dəyərində 47 374 vahid avtomobil idxal olunub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 39,2% və 70,5% çoxdur.
ABC.AZ Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, son 1 ildə sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 36,6 % azalaraq 64 ədəd (5,1 milyon ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 69,4 % artaraq 44 048 ədəd (413,7 milyon ABŞ dolları dəyərində) təşkil edib.
Bu avtomobillərin 5 879-u (36 milyon ABŞ dolları dəyərində) daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 44-ü (1,5 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.
Bu isə birincinin 2,4 dəfə artması, ikincinin isə 2,4 dəfə azalması deməkdir.
Bundan əlavə, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 98 % artaraq 3 198 ədəd (47,9 milyon ABŞ dolları dəyərində), xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 16,9 % azalaraq 64 ədəd (7,9 milyon ABŞ dolları dəyərində) olub.