Vüsal Qasımlı: Qarabağda dağ-mədən sənayesinin inkişafı planlaşdırılır

11:03 - 10.06.2021


10 iyun, Fineko/abc.az. Qarabağda iqtisadiyyat altı əsas istiqamət və dörd əsas ağırlıq mərkəzi üzrə dövlət-özəl partnyorluğu ilə inkişaf etdiriləcək.

ABC.AZ xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.

“Qarabağda iqtisadiyyatın altı əsas istiqamətdə inkişafı gözlənilir: aqrar biznes, ərzaq sənayesi, dağ-mədən sənayesi, yaşıl enerji, nəqliyyat-logistika və turizm. 200 min hektar kənd təsərrüfatı sahəsi və bundan da çox örüş sahəsi, həmçinin keçmiş cəbhə xətti boyunca istifadəsiz qalan on minlərlə hektar torpaq sahəsi aqrar biznesin resurs əsasını təşkil edir. Hesablamalar göstərir ki, orta müddətli perspektivdə Qarabağ bölgəsi ölkənin kənd təsərrüfatına 10,4 % töhfə verəcəkdir. 167 faydalı qazıntı ehtiyatı hesabına Qarabağda dağ-mədən sənayesinin inkişafı planlaşdırılır. Xüsusən də, Söyüdlü yatağının hesabına Kəlbəcərin bölgədə dağ-mədən sənayesinin mərkəzinə çevrilməsi imkanları genişdir. Qarabağ bölgəsinin ölkəmizdə mədənçıxarma sənayesinə təsiri 5,3%, emal sənayesinə isə 4,3 % ola bilər.” – V.Qasımlı qeyd edib.