Azərbaycanın bu qədər xarici borcu var - Böyük məbləğ

12:21 - 25.05.2021


25 may, Fineko/abc.az. 2021-ci ilin yanvarın 1-nə Azərbaycanın xarici dövlət borcunun həcmi 8,822 mlrd. ABŞ dolları ekvivalentində olub.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə və 2020-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatası tərəfindən verilən rəydə deyilir.

Qeyd olunub ki, xarici dövlət borcunun valyutalar üzrə bölgüsünə gəldikdə, borcun 81,6%-i ABŞ dolları, 8,6%-i avrodadır.

Eyni zamanda, borcun 4,4%-ni BVF-nin xüsusi borcalma hüquqları (XBH) təşkil edir, borcun 3,6%-i Yaponiya yeni, qalan 2%-i isə digər valyutalardadır.

Sözügedən valyutalara gəldikdə, ötən il xarici borc dollarda 3,9%, XBH-da 12,7%, digər valyutalarda isə 5,7% azalıb.

Avro və Yaponiya yenində olan xarici dövlət borcu isə müvafiq olaraq 9,5% və 4,6% artıb.