Ermənistan iqtisadiyyatı 2020-ci il sonunadək 6,2% kiçiləcək – Proqnoz

17:31 - 12.10.2020


12 oktyabr, Fineko/abc.az. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Ermənistanda və onun işğal etdiyi Azərbaycan torpaqlarında qanunsuz fəaliyyət göstərən şirkətlərə müraciət edib.

ABC.AZ Mərkəzə  istinadən xəbər verir ki, V.Qasımlı Ermənistana və işğal altındakı torpaqlara yatırılan sərmayələr Azərbaycan ərazisinin 20 faizinin işğalda saxlanılması, dinc əhalinin qətliamı və mülki infrastrukturun sıradan çıxarılmasına xidmət etdiyini bildirib: “Ermənistanın qurduğu militarist iqtisadiyyatı maliyyələşdirmək biznes mədəniyyətinə və beynəlxalq hüquqa ziddir. Xarici borcun yüksək olması, tədiyyə və icmal balansdakı defisit, kredit reytinqinin “yerlə sürünməsi” və iqtisadi artım tempinin aşağı düşməsi, habelə xarici investorlarla hökümət arasında mütəmadi çəkişmələr Ermənistana sərmayə yatırmaq istəyən iş adamlarına bir siqnal olmalıdır. Fitch kredit agentliyi Ermənistan iqtisadiyyatının 2020-ci il sonunadək 6,2% daralacağı, həmçinin, ümumi dövlət borcunun ÜDM-ə nisbətinin 63,9%-dək yüksələcəyi və 2021-ci ilin sonunda isə 65,6%-dək artacağını proqnozlaşdırır”.