Hərbi təxribatlarından sonra rəsmi Yerevanın xarici borc yükü daha çox artacaq – Təhlil

12:27 - 7.10.2020


7 oktyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Beynəlxalq Valyuta Fondu Ermənistanın xarici borc içində boğulduğu qənaətini açıqlayıb.

ABC.AZ xəbər verir ki, bu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şərhində qeyd edilib.

Mərkəzin təhlilinə əsasən, 2019-cu ilin sonuna Ermənistan Respublikasının xarici borcu 11,4 milyard ABŞ dolları təşkil edib.

Təhlildə bildirilib ki, Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarından sonra rəsmi Yerevanın  xarici borc yükü daha çox artacaq.

Belə ki, Ermənistan Respublikasının Maliyyə Nazirliyinin yenilənmiş proqnozlarına əsasən hərbi xərclərin artırılması ilə cari ildə dövlət büdcəsinin kəsrinin ÜDM-ə nisbəti 7,4 faiz təşkil edəcək.

Dövlət büdcəsinin kəsrinin borclanma hesabına maliyyələşdirilməsi nəzərdə tutulur. Bu isə xarici dövlət borcu hesabına hərbi xərclərin maliyyələşdirilməsi və militarist iqtisadiyyatın formalaşdırılması deməkdir. "Beynəlxalq Valyuta Fondu məzənnə riskinə görə xarici dövlət borcunun səviyyəsinin yüksək olmasından narahatdır. Fond tərəfindən qeyd edilir ki, milli valyutanın ucuzlaşması xarici dövlət borcu ilə bağlı göstəricilərin pisləşməsinə, o cümlədən dövlət borcuna xidmət xərclərinin əhəmiyyətli dərəcədə artımına səbəb ola bilər. Hesablamalara görə, milli valyutanın real effektiv məzənnəsinin 30 faizlik ucuzlaşması ölkənin xarici borcunu ÜDM-in 115 faizinə çatdıra bilər" deyə Mərkəzin şərhində qeyd olunub.

Müəllif: Elmir Murad