Cari ildə əsas kapitala yönələn vəsait artıb

15:09 - 19.08.2020


19 avqust, Fineko/abc.az. Cari ilin yeddi ayında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 7588,3 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,6 faiz çox vəsait yönəldilib.

ABC.AZ Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər veirir ki, ümumi sərmayənin 5104,7 milyon manatı və ya 67,3 faizi məhsul istehsalı sahələrinin, 1745,9 milyon manatı (23 faizi) xidmət sahələrinin, 737,7 milyon manatı (9,7 faizi) isə yaşayış evlərinin tikintisinin payına düşüb.

Ümumi sərmayənin 40,3 faizi dövlət, 59,7 faizi qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən qoyulub.

Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin dəyəri ümumi sərmayənin 61,8 faizini təşkil edib. Əsas kapitala yönəldilmiş sərmayədə müəssisə və təşkilatların vəsaitləri 4533 milyon manat, büdcə vəsaitləri 1666,7 milyon manat, bank kreditləri 466,3 milyon manat, əhalinin şəxsi vəsaitləri 440,8 milyon manat, digər vəsaitlər 319,9 milyon manat, büdcədənkənar dövlət fondlarının vəsaitləri 161,6 milyon manat təşkil edib.