Bakıda pilləli iş saatı tətbiq oluna bilər – Təklif

14:59 - 16.06.2020


16 iyun, Fineko/abc.az. Pilləli iş saatının bir çox üstünlükləri var.

ABC.AZ xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev trend-ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, bura aiddir pik saatlarda nəqliyyat sıxlığının azalması, sərnişinlərin səyahət vaxtının yaxşılaşması, ictimai nəqliyyatda sərnişin sıxlığının azalması, işçilərin iş yerlərinə toplu şəkildə daxil olmaması və çıxmaması, nəticədə təmasların azalması, xidmət sahələrində növbələrin azalması: "Müəssisənin ümumi iş vaxtının artması, işçilərin iş və işdənkənar vaxtlarının daha səmərəli planlaşdırılması. Qeyd edim ki, iş saatlarının pilləli şəkildə təşkil edilməsi təcrübəsi dünyanın bir çox inkişaf etmiş ölkələrində sınaqdan keçirilib. Həmçinin, Beynəlxalq Əmək Təşkilatının iş saatlarının təşkili ilə bağlı tövsiyələrində pilləli iş saatlarının tətbiqi nəqliyyat sıxlıqlarının azaldılması və ictimai nəqliyyatın idarəedilməsi tədbirlərindən biri kimi qeyd olunur. Təcrübə göstərir ki, Avropa ərazisində əksər böyük işəgötürən şirkətlər işçilərinə öz iş saatlarını müəyyənləşdirməyə icazə verir. Bu da günün pik saatlarında nəqliyyat sıxlığının azalmasına təsir edir".