Artıq müflis elan edilən ölkələr var – Dünyada yeni borc dövrü başlayır

15:34 - 10.06.2020


10 iyun, Fineko/abc.az. Bizdə xarici dövlət borcunun ÜDM-ə nisbəti 17 faiz ətrafındadır ki, bu da dünyada ən yaxşı vəziyyətdə olan 10-luğun sırasında olmağımızı göstərir.

ABC.AZ-ın məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

O Azərbaycanı digər ölkələrlə müqayisə edərək qeyd edib ki, bu göstərici üzrə dünyada lider Yaponiyadır: "Xarici dövlət borcunun ÜDM-ə nisbət Yaponiyada 238 faizdir. Bizim bölgədə də ölkələr üzrə xarici dövlət borcu ÜDM-in orta hesabla 40 faizindən çoxdur. COVİD-19 pandemiyası səbəbindən BVF, Dünya Bankı, AYİB, AİB, Böyük 20-lik və s. qurumlara borc üçün müraciət edən ölkələrin sayı 150-ə çatıb, artıq müflis elan edilən ölkələr var. Dünyada yeni borc dövrü başlayır. Azərbaycanda ötən il dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər 6,2 faiz olmuşdur ki, bu da borc strategiyasında nəzərdə tutulan – 15 faizdən əhəmiyyətli şəkildə aşağıdır. Dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmət üçün yaradılan Təminat Fondu ciddi bir institutsional altyapıdır.

Dövlət borcu strategiyasında 2018-2025-ci illər üzrə ümumi dövlət borcunun ÜDM-ə nisbətinin yuxarı həddinin 30 faizdən çox olmaması hədəflənir ki, Azərbaycanda bu göstərici 20 faizin ətrafındadır. Dəyişkən faiz dərəcəsi ilə cəlb olunan borcun ümumi portfeldə payı da strategiyada nəzərdə tutulduğundan aşağı həddədir və  bu da faiz risklərini aşağı salır. Azərbaycanın xarici dövlət borcunun və strateji valyuta ehtiyatlarının əhəmiyyətli hissəsinin eyni valyutada – ABŞ dollarında saxlanılması da valyuta risklərimizi azaldır".

Müəllif: Elmir Murad