Dünya Bankı Azərbaycanda daha 2 layihə həyata keçirə bilər – Təşkilat sözçüsü – Özəl

16:23 - 16.12.2019


16 dekabr, Fineko/abc.az. Dünya Bankının Azərbaycanda hal-hazırda 4 aktiv layihəsi mövcuddur və onların ümumi dəyəri təqribən 600 milyon ABŞ dollarından bir qədər artıqdır.

Bunu ABC.AZ-az Dünya Bankının Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr üzrə müşaviri Zaur Rzayev təşkilatın ölkəmizlə bağlı gələcək planlarına münasibət bildirərkən deyib.

Z.Rzayev bir neçə gün əvvəl Azərbaycan hökumətindən 2020-ci ildə Dünya Bankının dəstəyi ilə hazırlanaraq təsdiq olunası layihələr barədə rəsmi müraciət aldıqlarını bildirdi. Təşkilat sözçüsü layihələrin mahiyyətinə də aydınlıq gətirdi: “Bura iki layihə daxildir. Biri 100 milyon ABŞ dolları dəyərində kredit olan Özünü Məşğulluq Proqramına Dəstək, digəri isə 50 milyon ABŞ dolları dəyərində olan Ədliyyə Xidmətləri və Mütərəqqi Məhkəmə İnfrastrukturu Layihəsi üçün Əlavə Maliyyələşdirməsi. Əlavə Maliyyələşdirmə elektron məhkəmə sisteminin tam tətbiqi üçün nəzərdə tutulur. Bundan başqa Dünya Bankı bir neçə istiqamət üzrə öz vəsaiti hesabına texniki yardım göstərir. Onların sırasında vergi inzibatçılığının təşkilləşdirilməsi, dövlət xərclərinin idarəedilməsi, şəhər nəqliyyatı və mobillik, maliyyə sektoru və s. aiddir. Eyni zamanda, yaxın illər ərzində Azərbaycanın yeni sosial-iqtisadi inkişaf strategiyasının hazırlanması istiqamətində də hökumətlə əməkdaşlıq edəcəyimizə ümid edirik”.

Müəllif: Elmir Murad