16:11 - 24.07.2026
24 iyul, Fineko/abc.az. "Optimal Elektronika" MMC-nin sabiq təsisçisi və baş direktoru Əhəd Əsgərova, eləcə də onun payçı olduğu şirkətlərin rəhbərlərinə məxsus milyonlarla manat dəyərində əmlaklarla bağlı məhkəmə qərar qəbul edib.
Ölkə.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, Əhəd Əsgərovun rəhbəri və payçısı olduğu şirkətlərin banklardan birinə 10 162 916.82 manat və 8 993.57 ABŞ dolları məbləğində borcu yaranıb.
Bununla bağlı borcun tutulması, tələbin ipoteka və girov predmetlərinə yönəldilməsi, əmlakların boşaldılması və digər tədbirlərin görülməsi barədə məhkəməyə müraciət olunub.
Qərara əsasən, Daşkəsən rayonu, Xoşbulaq kəndində yerləşən fərdi yaşayış evinin, Şirvan şəhəri, F.Xoyski küçəsindəki qeyri-yaşayış sahələrinin, Kürdəmir rayonu, Xırdapay kəndində yerləşən qeyri-yaşayış binalarının, həmçinin "Mercedes C220 CDI", "QAZ 33021" və "Hyundai Santa Fe" markalı avtomobillərin özgəninkiləşdirilməsi cavabdehlərə və üçüncü şəxslərə qadağan edilib.
Qeyd edək ki, Əhəd Əsgərov milyonlarla manat borc fonunda rəhbərlik etdiyi "Optimal Elektronika" MMC-ni 2023-cü ildə satıb.
27 İyul 2026