“Aqrarkredit” QSC-də böyük yeyinti - Vəzifəli şəxslər həbs olundu

16:01 - 24.07.2026


24 iyul, Fineko/abc.az. Azərbaycanda bir qrup sahibkarın kənd təsərrüfatına yönəldiləcəyi adı ilə dövlətə məxsus “Aqrarkredit” (Bank olmayan kredit təşkilatı) QSC-dən külli miqdarda kredit götürdüyü üzə çıxıb.

ABC.AZ “Qafqazinfo”ya istinadən xəbər verir ki, qanun pozuntusu ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməliyyat keçirib.

Əməliyyat nəticəsində “Şurabad quşçuluq” MMC-nin direktoru Fuad Süleymanov, “Şurabad broyler”in direktoru Tofiq Musayev, “Salyansüd” MMC-nin qanuni təmsilçisi Fazil Rüstəmov və onlarla əlbir olan Faiq Rüstəmov, Süleyman İsmayılov və Yaşar Qurbanov saxlanılıb.

İlkin ittihama görə, sözügedən şirkət rəhbərləri kənd təsərrüfatı fəaliyyətinin maliyyələşdirilməsi adı ilə “Aqrarkredit” QSC-dən ümumilikdə 100 milyon manatdan artıq kredit alıblar. Lakin araşdırma zamanı müəyyən edilib ki, həmin vəsaitlər təyinatı üzrə istifadə olunmayıb, kənd təsərrüfatına yönəldilmək əvəzinə şəxsi ehtiyaclara sərf edilib.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə ittiham verilib, məhkəmənin qərarı ilə hər biri barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.