15:13 - 8.07.2026
8 iyul, Fineko/abc.az. "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi" layihəsi daha dərin regional əməkdaşlığın, enerji bağlantılarının və enerji sistemlərinin dayanıqlığının gücləndirilməsi üçün möhkəm təməl yaradır.
Bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili Bakıda Yaşıl Enerjinin İnkişafı və Ötürülməsi Sahəsində Strateji Tərəfdaşlıq Sazişi çərçivəsində keçirilən 12-ci Nazirlər Görüşündə bildirib.
"Bu, daha təhlükəsiz və davamlı enerji gələcəyinin qurulması istiqamətində ortaq öhdəliyimizi əks etdirir", - deyə M. Kvrivişvili vurğulayıb.
Onun sözlərinə görə, Gürcüstan hökuməti bərpa olunan enerji sektorunun inkişafını prioritet istiqamət kimi müəyyənləşdirib və investorlar üçün şəffaf, əlverişli tənzimləyici mühit yaratmaqla külək və günəş enerjisi layihələrinə yatırımları sürətləndirir. Bununla yanaşı, ölkədə su elektrik stansiyalarının genişləndirilməsi də diqqət mərkəzində saxlanılır.
Nazir qeyd edib ki, Gürcüstanın əsas məqsədləri daxili bərpa olunan elektrik enerjisi istehsalını artırmaq, enerji təhlükəsizliyini gücləndirmək və regional enerji bazarlarına təmiz elektrik enerjisinin ixracı üçün yeni imkanlar yaratmaqdır.