10:58 - 19.06.2026
19 iyun, Fineko/abc.az. İndiyə qədər Azərbaycandakı sənaye zonalarına 5 milyard ABŞ dollarından çox investisiya cəlb olunub, 20 mindən artıq yeni iş yeri açılıb.
ABC.AZ xəbər verir ki, bunu Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantılarıı çərçivəsində İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev bildirib.
Onun sözlərinə görə, sənaye zonaları 1 700 hektardan çox ərazini əhatə edir, onların rezidentləri 10 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən azad edilib, həmçinin idxal olunan avadanlıq və texnikaya görə ƏDV və gömrük rüsumları ödəmirlər.
Bundan başqa, Y.Abdullayev deyib ki, Bakının Qaradağ rayonunda yaradılmış Ələt Azad İqtisadi Zonası Bakı Beynəlxalq Dəniz Limanının və əsas beynəlxalq nəqliyyat dəhlizlərinin yaxınlığında - strateji mövqedə yerləşir: "Zona beynəlxalq qabaqcıl təcrübələrə əsaslanan rəqabətqabiliyyətli biznes mühiti təqdim etməklə ixracyönümlü sənaye sahələrinin inkişafına, yüksək texnologiyalı istehsala və innovativ layihələrin cəlb edilməsinə xidmət edir. Burada mənfəətin sərbəst repatriasiyası, 100 % xarici mülkiyyət hüququ, əqli mülkiyyətin etibarlı qorunması və xüsusi tənzimləyici-hüquqi baza investorlar üçün əlavə üstünlüklər yaradır".
19 İyun 2026
17 İyun 2026