17:32 - 17.06.2026
17 iyun, Fineko/abc.az. Özbəkistanın Cizzak vilayətində Azərbaycan və ABŞ-dən olan investorların iştirakı ilə turizm şəhərciyinin tikintisi planlaşdırılır.
ABC.AZ xəbər verir ki, bu barədə "Cizak" Azad İqtisadi Zonasının direktoru Ziyadin Sayidov Özbəkistan-Azərbaycan sənaye və iqtisadi zonaları forumunda bildirib.
Onun sözlərinə görə, layihənin Özbəkistanın ən böyük göllərindən biri olan və yüksək turizm potensialına malik Aydarkul gölü ərazisində həyata keçirilməsi təklif olunur: "Biz azərbaycanlı və amerikalı investorlarla birlikdə kiçik bir turizm şəhərciyi qurmaq istəyirik. Azərbaycanlı dostlarımızın bu sahədə böyük təcrübəsi var. Biz bu layihəni birgə həyata keçirməyə ümid edirik".
Z.Sayidov, həmçinin Cizakda Azərbaycan nümunəsi əsasında Ekspomərkəzin tikintisinin planlaşdırıldığını bildirib.
Onun sözlərinə görə, Cizak vilayəti dağlıq ərazilərin və görməli yerlərin mövcudluğu sayəsində turizmin inkişafı üçün geniş imkanlara malikdir.
Z.Sayidov Özbəkistan-Azərbaycan Sənaye və İqtisadi Zonalar Forumunun ikitərəfli əməkdaşlığın genişləndirilməsi, yeni investisiyaların cəlb edilməsi və birgə layihələrin həyata keçirilməsi istiqamətində mühüm addım olacağına əminliyini ifadə edib.
O vurğulayıb ki, Cizak vilayəti əməkdaşlıq üçün açıqdır və investorlara biznesin , yeni təşəbbüslərin həyata keçirilməsi üçün əlverişli şərait təklif etməyə hazırdır.