Aqrar sektorda istehsal və emal imkanları genişləndiriləcək - Vahid Hacıyev

12:28 - 12.06.2026


12 iyun, Fineko/abc.az. Qarşıdakı illərdə Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura sahələrinin inkişafı dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri olacaq.

ABC.AZ xəbər verir ki, bunu Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"na həsr olunmuş müşavirədə bildirib.

Onun sözlərinə görə, mayın 25-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə aqrar sektorda mövcud vəziyyət ətraflı təhlil edilib, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, məhsuldarlığın artırılması və idxaldan asılılığın azaldılması istiqamətində əsas vəzifələr müəyyənləşdirilib.

V.Hacıyev qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə keçirilən bugünkü müşavirədə Dövlət Proqramının icrası çərçivəsində görüləcək işlər və qarşıda duran vəzifələr müzakirə olunur.

"Proqramın əsas məqsədi kənd təsərrüfatı, balıqçılıq və akvakultura sahələrində istehsal və emal imkanlarını genişləndirmək, sahibkarlığın inkişafını təşviq etmək, habelə ölkənin ərzaq təhlükəsizliyinin gücləndirilməsinə əlavə töhfə verməkdir", – deyə xüsusi nümayəndə vurğulayıb.

©Report