Azərbaycan nəqliyyat qovşağına çevrilib - Mikayıl Cabbarov

11:27 - 11.06.2026


11 iyun, Fineko/abc.az. Azərbaycan nəqliyyat qovşağına çevrilib.

ABC.AZ-ın məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov ITV və AZƏRTAC-a müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu, özlüyündə böyük nailiyyətdir.

"Ona görə ki, bizim təbii yerləşməmiz - yəni açıq dənizə çıxışımızın olmaması fonunda ölkəmizin bu gün istər Orta Dəhliz çərçivəsində, istərsə də Şimal-Cənub marşrutunda nəqliyyat qovşağına çevrilməsi öz-özünə baş verməyib. Bu, həyata keçirilən uzunmüddətli siyasətin nəticəsidir və buradan irəli gələn bir çox potensial dəyər hələ də tam reallaşmayıb.

Turizm sahəsində də detallara getmədən onu qeyd edə bilərəm ki, ölkə rəhbərliyinin müvafiq tapşırığına əsasən Azərbaycana gələn turistlərin sayının artırılmasından başlayaraq ölkədaxili turizm infrastrukturunun inkişafına qədər məsələləri əhatə edən bir yanaşma mövcuddur.

İki sahəni isə mən sektor kimi deyil, daha çox fundamental şərt kimi qeyd edərdim. Bunlardan biri rəqəmsallaşma, müvafiq olaraq İKT və data mərkəzləri ilə bağlı olan istiqamətdir. Çünki artıq rəqəmsallaşmanı iqtisadiyyatın ayrı bir sektoru kimi deyil, daha çox uğurlu iqtisadi fəaliyyətin zəruri şərti kimi görürük. Digəri isə təbii olaraq enerjidir. Mən bunu xüsusi olaraq neft-qaz deyil, məhz enerji şəklində vurğulayıram. Çünki bu da demək olar ki, bütün iqtisadi sahələr üçün zəruri şərtlərdən biridir və bu nöqteyi-nəzərdən biz həmin sahələri də prioritetlərə aid edirik”, - deyə, nazir vurğulayıb.