Dağ-mədən sektorunun inkişafında böyük potensial görürük - Mikayıl Cabbarov

10:46 - 11.06.2026


11 iyun, Fineko/abc.az. Hazırda dağ-mədən sənayesinin və metallurgiyanın inkişafı üzrə dövlət proqramı layihəsinin hazırlanması yekun mərhələdədir.

ABC.AZ xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov ITV və AZƏRTAC-a müsahibəsində qeyri-neft-qaz sektorunda prioritet sahələr məsələsinə toxunarkən qeyd edib.

Onun sözlərinə görə, dağ-mədən sektorunun inkişafında böyük potensial görürük.

"Bunun həm təbii, həm də tarixi səbəbləri var. Təbii səbəb ondan qaynaqlanır ki, ölkəmiz dağ-mədən sahəsində vacib olan geoloji ehtiyatlarla zəngindir. Tarixi səbəb dedikdə isə mən onu nəzərdə tuturam ki, bizim böyük Zəfərimizdən öncə Azərbaycan Respublikasının geoloji ehtiyatlarının yalnız cüzi bir həcminə çıxışımız var idi. Çünki dağ-mədən sahəsi üçün əksər geoloji ehtiyatlarımız, o cümlədən qızıl, mis, gümüş, ola bilsin ki, kritik minerallar, – əsasən işğaldan azad edilmiş ərazilərdə yerləşir. Bu gün biz artıq qısa müddət keçməsinə baxmayaraq, o sahənin verdiyi nəticələri görürük”, - nazir bildirib.