Antifrod sistemlərinin gücləndirilməsi fırıldaqçılığın azalmasına təsir edib

12:14 - 10.06.2026


10 iyun, Fineko/abc.az. Aparıcı bankların antifrod sistemlərini gücləndirməsi fırıldaqçılıq hallarının azalmasına təsir edib.

ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş Sistemləri və Məhsullarının İnkişafı Departamentinin baş mütəxəssisi Elvin Cuvarov Bakıda keçirilən X Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində bildirib.

O qeyd edib ki, ölkə daxilində əsas fırıldaqçılıq növü ödəniş alətlərindən istifadə edən şəxslərin manipulyasiyası və sosial mühəndislik üsulları ilə bağlıdır.

"Bu kateqoriyaya həm hesabların ələ keçirilməsi, həm də qurbanların özlərinin həyata keçirdiyi əməliyyatlar daxildir. Buna görə də belə hallarda zərərin məbləği adətən yüksək olur. Hesab ələ keçirildikdə fırıldaqçı hesabdakı vəsaiti görür və maksimum qazanc əldə etməyə çalışır. Manipulyasiya yolu ilə törədilən hallarda isə beynəlxalq terminologiyada "authorized push payment" adlandırılan mexanizm tətbiq olunur. Bu zaman şəxs aldadılaraq və ya psixoloji təzyiq altında əməliyyatı özü həyata keçirir, etibar etdiyi qarşı tərəfin göstərdiyi hesaba və ya elektron cüzdana tələb olunan məbləği, bəzən isə daha artıq vəsait köçürür. Bu ilin I rübündə fırıldaqçılıq halları ötən ilin IV rübü ilə müqayisədə az olub. Bunun konkret səbəbini göstərmək çətin olsa da, bir neçə amilin təsir göstərdiyini ehtimal etmək olar. Belə ki, ötən ilin sonundan etibarən aparıcı banklar antifrod sistemlərini təkmilləşdirərək daha yüksək səviyyəyə çatdırıblar. Həmin bankların kart bazarında payı böyük olduğundan bu addımlar ümumi göstəricilərə müsbət təsir edib. Bundan əlavə, AMB, Daxili İşlər Nazirliyi və aparıcı bankların nümayəndələrinin təmsil olunduğu işçi qrupun fəaliyyəti daha da koordinasiyalı xarakter alıb. Bu əməkdaşlığın dərinləşməsi də əldə olunan nəticələrdə mühüm rol oynayıb", - deyə o əlavə edib.