Qarabağın bərpasına ayrılan 4.5 milyard manatın xərclənmə istiqamətləri məlum olub

14:31 - 9.06.2026


9 iyun, Fineko/abc.az. 2025-ci ildə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin yenidən qurulması və bərpası məqsədilə dövlət büdcəsindən ümumilikdə 4 milyard 454.9 milyon manat vəsait ayrılıb.

ABC.AZ xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə edilən "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında illik hesabat"da bildirilir.

Hesabata əsasən, bərpa işlərinə yönəldilən maliyyə vəsaiti aşağıdakı mənbələr və maddələr üzrə icra edilib:

Məqsədli maliyyələşdirmə çərçivəsində: 3 milyard 781.9 milyon manat (ümumi vəsaitin 84.9%-i);

Dövlət büdcəsinin Ehtiyat Fondundan: 334 milyon manat (7.5%-i);

Dövlət əsaslı vəsait qoyuluşu (investisiya) maddəsi üzrə: 276.3 milyon manat (6.2%-i);

Dövlət büdcəsinin digər ehtiyatlarından: 62.7 milyon manat (1.4%-i).