17:09 - 2.06.2026
2 iyun, Fineko/abc.az. Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin modernizasiyadan sonra rəsmi açılış mərasimində Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev çıxış edib.
ABC.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, nazir xəttin Gürcüstan ərazisindən keçən 184 kilometrlik hissəsinə irimiqyaslı sərmayələrin qoyulduğunu bildirib. Layihə çərçivəsində beş mərhələdə 13 dəmir yolu stansiyası, 55 körpü, 8 dartı yarımstansiyası, 320-dən çox bina və mühəndis qurğusu yenidən qurulub.
Rəşad Nəbiyev qeyd edib ki, görülən işlər adi təmir deyil, BTQ-ni Orta Dəhlizin əsl onurğa sütununa çevirmək üçün verilmiş məqsədyönlü və strateji qərar olub.
Nazirin çıxışından mühüm məqamlar:
Ötürücülük qabiliyyəti: Görülən strateji işlər nəticəsində xəttin ötürücülük qabiliyyəti 5 dəfə artırılaraq ildə 5 milyon tona çatdırılıb. Hazırda BTQ Xəzər və Qara dənizləri arasında ən rəqabətqabiliyyətli tranzit marşrutudur.
Yekun protokol: İki həftə əvvəl Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunda, Prezident İlham Əliyevin və Baş nazir İrakli Kobaxidzenin iştirakı ilə Marabda-Kartsaxi hissəsinin reabilitasiyasını yekunlaşdıran protokol imzalanıb.
Liderlik və qarşılıqlı asılılıq: Layihənin uğuru Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin şəxsi liderliyi sayəsində mümkün olub. Ölkələrimizin uğuru qarşılıqlı şəkildə bir-birindən asılıdır və bu dəhlizlə daşınan hər ton yük birgə fəaliyyətin dayanıqlılığının sübutudur.
11 İyun 2026
11 İyun 2026
11 İyun 2026