ABŞ-dan strateji addım: Çin, Rusiya və Tacikistanın inhisarına qarşı milyard dollarlıq layihə

10:47 - 25.05.2026


25 may, Fineko/abc.az. ABŞ-ın Eksport-İmport Bankı (EXIM) Aydaho ştatında yerləşən "Stibnite Gold" layihəsinin icrası üçün "Perpetua Resources" şirkətinə 2.9 milyard dollar məbləğində kredit ayırıb.

ABC.AZ xəbər verir ki, layihə çərçivəsində qızıl hasil olunsa da, ABŞ hökuməti üçün əsas hədəf bu deyil. Müəssisədə müdafiə sənayesi, yarımkeçiricilər sektoru və bərpa olunan enerji mənbələri (BEM) üçün həyati əhəmiyyət kəsb edən surmə (antimon) elementi hasil ediləcək.

Hazırda dünyada surmə istehsalının 90%-dən çoxuna Çin, Rusiya və Tacikistan nəzarət edir. Bu baxımdan, sözügedən maliyyələşmə EXIM-in "Amerikada daha çox istehsal edək" (Make More in America) təşəbbüsü çərçivəsində ən böyük, agentlik tarixinə isə dördüncü ən irihəcmli kredit kimi daxil olub. Bu addım ABŞ-ın strateji xammal asılılığını azaltmaq üçün nadir torpaq elementləri hasil edən "MP Materials" şirkətinə etdiyi investisiya məntiqi ilə eynilik təşkil edir.

Proqnozlara görə, qlobal surmə bazarının həcmi 2025-ci ildəki 2.15 milyard dollardan 2035-ci ilə qədər 3.17 milyard dollara yüksələcək.