Azərbaycanla Tacikistan arasında Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilib

11:43 - 22.05.2026


22 may, Fineko/abc.az. Bu gün Bakıda Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilib.

Nazirlər Kabinetindən ABC.AZ-a daxil olan məlumata görə, iclasa Azərbaycan tərəfdən Baş nazirin müavini Samir Şərifov, Tacikistan tərəfdən isə Baş nazirin müavini Usmonali Usmonzoda rəhbərlik edib.

Samir Şərifov qeyd edib ki, xüsusilə, 2024-cü ildə Tacikistan Prezidentinin Azərbaycana dövlət səfəri çərçivəsində imzalanmış Strateji tərəfdaşlıq haqqında Bəyannamə münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəldib. Azərbaycanın Mərkəzi Asiya dövlətləri, o cümlədən Tacikistan ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyini qeyd edilib. Bildirib ki, Azərbaycanın 2025-ci ilin noyabr ayında Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına tamhüquqlu iştirakçı kimi qoşulması regionlararası əlaqələrin möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.

2025-ci ildə Azərbaycan ilə Tacikistan arasında ticarət dövriyyəsinin 84 faiz, strateji əhəmiyyətli tranzit daşımalarının isə 50 faiz artması ilə müşayiət olunan müsbət dinamika təqdir olunmaqla yanaşı iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcudluğu vurğulanıb.