15:30 - 12.05.2026
12 may, Fineko/abc.az. "PAŞA Bank" ASC səhmlərinin İlkin Kütləvi Təklifi (Initial Public Offering - IPO) çərçivəsində abunə yazılışının müddətini iyunun 12-nə qədər (1 ay) uzadıb.
ABC.AZ Banka istinadən xəbər verir ki, bu qərar investorlar, müştərilər və tərəfdaşlardan gələn müraciətlər nəzərə alınaraq, daha çox şəxsin "PAŞA Bank"ın səhmdarı olması məqsədilə qəbul olunub. Bankın İdarə Heyətinin üzvü, baş maliyyə inzibatçısı Murad Suleymanov bildirib ki, IPO çərçivəsində müşahidə olunan yüksək investor marağı abunə müddətinin uzadılması qərarında mühüm rol oynayıb.
"PAŞA Bank" olaraq ilk gündən məqsədimiz yalnız uğurlu IPO həyata keçirmək deyil, eyni zamanda ölkəmizin kapital bazarlarının inkişafı naminə bu prosesdə daha geniş investor iştirakını təşviq etmək və mümkün qədər çox insanın IPO prosesinin bir parçasına çevrilməsinə imkan yaratmaq olub. Bu IPO təkcə "PAŞA Bank" üçün deyil, bütövlükdə Azərbaycanın kapital bazarları üçün əlamətdar bir mərhələdir. Ölkəmizdə ilk dəfə olaraq özəl təşkilatın bu miqyasda səhmlərinin geniş investor kütləsinə təqdim olunması bazara olan etimadın, investor mədəniyyətinin və uzunmüddətli investisiya yanaşmasının formalaşdığını göstərir", - deyə o qeyd edib.
"PAŞA Bank" rəsmisinin sözlərinə görə, aprelin 13-də start verilmiş abunə yazılışı müddəti ərzində hazırkı tarixə 12 000-ə yaxın müraciət qəbul edilib və investor marağının hər gün daha da artdığı müşahidə edilir: "Son günlər tərəfdaşlıq etdiyimiz investisiya şirkətlərinə və Bankımıza abunə müddətinin uzadılması ilə bağlı müraciətlər daxil olur. Xüsusilə qeyd etmək istərdim ki, artıq abunə yazılışında iştirak etmiş investorlar üçün bütün mövcud üstünlüklər qüvvədə qalır. İnvestorlar həm 2025-ci, həm də 2026-cı illər üzrə dividend əldə etmək hüququnu saxlayırlar. Eyni zamanda, abunə müddətinin uzadıldığı dövrdə yerləşdirilmiş bütün vəsaitlər üzrə hesablanan illik 5 % gəlir ("overnight") mexanizmi də davam etdiriləcək. İnanırıq ki, bu qərar daha çox investorun ölkənin aparıcı maliyyə institutlarından birinin səhmdarı olmaq imkanından yararlanmasına şərait yaradacaq. Eyni zamanda xüsusi vurğulamaq istəyirəm ki, bu uzadılma son fürsətdir. 12 iyun IPO üzrə sifarişlərin qəbul ediləcəyi son gündür. Bir daha göstərilən böyük marağa və etimada görə bütün investorlarımıza təşəkkür edir və hər kəsi bu tarixi mərhələnin bir parçası olmağa dəvət edirik", - deyə o qeyd edib.
30 İyul 2026
29 İyul 2026