“Fizza Pay” MMC 1000 manat cərimələndi

15:25 - 3.03.2026


3 mart, Fineko/abc.az. “Fizza Pay” MMC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına prudensial hesabatların yanlış təqdim edilməsinə görə cəmiyyətin vəzifəli şəxsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 439-2.4-cü maddəsinə əsasən 1 000 manat məbləğində inzibati qaydada cərimə edilib.

ABC.AZ xəbər verir ki, AMB bu barədə məlumat yayıb. 2025-ci ilin dekabr ayında da şirkətlə bağlı nəzarət tədbiri tətbiq olunmuşdu.

Belə ki, Azərbaycan Respublikası Mərkəzi Bankının “Ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən fəaliyyətin təşkili və həyata keçirilməsi Qaydası”nın 4.2-ci bəndi ilə əlaqədar məcmu kapitalın minimum miqdarına dair tələbin pozuntusunun aradan qaldırılması məqsədilə Mərkəzi Bank tərəfindən “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinin tələbləri rəhbər tutulmaqla “Fizza Pay” MMC-yə icrası məcburi olan göstəriş verilib.

Qeyd edək ki, “Fizza Pay” MMC-yə ÖT-007 nömrəli lisenziya 28.08.2024-cü il tarixində verilib.