Azərbaycanda dövlət zəmanətli borc ÜDM-in 8 %-nə düşüb

12:05 - 19.02.2026


19 fevral, Fineko/abc.az. 2025-ci ilin yekununda Azərbaycanda dövlət zəmanətli borcun məbləği 10 milyard 368,4 milyon manata və yaxud ümumi daxili məhsulun (ÜDM) 8 %-nə düşüb.

ABC.AZ Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu barədə qurumda keçirilmiş növbəti Kollegiya iclasında məlumat verilib.

İclasda Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin ötən il gördüyü işlər və növbəti dövr üçün qarşıda duran vəzifələr, Nazirlikdə hazırlanmış hüquqi akt layihələrinə baxılması, razılaşdırılması və təqdim edilməsi üzrə icra vəziyyəti, eləcə də cari məsələlər müzakirə olunub.

Nazirliyin struktur bölmələri və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilən iclasda maliyyə naziri, Kollegiyanın sədri Sahil Babayev bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə həyata keçirilən uğurlu və məqsədyönlü siyasət ölkəmizin hərtərəfli inkişafına, sosial-iqtisadi sahədə dayanıqlı artımın və makroiqtisadi sabitliyin təmin olunmasına mühüm töhfə verir. Bu amillər dövlət büdcəsinin icrasına da müsbət təsir göstərərək, həm gəlir və xərclər üzrə proqnozların tam yerinə yetirilməsinə, həm də fiskal intizamın qorunmasına və maliyyə mövqelərimizin daha da möhkəmlənməsinə şərait yaradır.