Mikrosxem istehsalçısı Micron Sinqapurda 24 milyard dollarlıq zavod tikəcək

11:01 - 28.01.2026


28 yanvar, Fineko/abc.az. ABŞ-ın yaddaş mikrosxemləri istehsalçısı Micron Technology Sinqapurda çip istehsalı üzrə zavod tikməyi planlaşdırır.

ABC.AZ xəbər verir ki, bu barədə Reuters agentliyi şirkətin bəyanatına istinadən məlumat yayıb. Zavodun dəyəri 24 milyard dollar təşkil edəcək. Xalis istehsal sahəsinin ölçüsü 65 min kvadrat metrdən çox olacaq. İstehsalın 2028-ci ilin ikinci yarısında başlanması nəzərdə tutulur. Zavodda NAND fləş yaddaş çipləri istehsal ediləcək.

Agentliyin qeyd etdiyi kimi, şirkət iri texnoloji şirkətlər tərəfindən süni intellekt infrastrukturlarının genişləndirilməsi fonunda yaddaş mikrosxemlərinin qlobal miqyasda kəskin çatışmazlığı şəraitində istehsal həcmlərini artırmağa çalışır.