Dünya Bankı 2026-cı ildə Azərbaycanın iqtisadi artımının ləngyəcəyini proqnozlaşdırır

14:21 - 16.01.2026


16 yanvar, Fineko/abc.az. Dünya Bankı “Ümumdünya İqtisadi Perspektivlər” hesabatında Azərbaycanın 2026-cı il üzrə ÜDM artımını 1,8% səviyyəsində proqnozlaşdırır.

ABC.AZ-in məlumatına görə, ekspertlər bildirirlər ki, ölkənin iqtisadi fəaliyyəti neft-qaz hasilatının azalması, dünya bazarında neft qiymətlərinin düşməsi və büdcə siyasətinin sərtləşməsi ilə məhdudlaşacaq.

Müqayisə üçün qeyd olunur ki, Gürcüstanın iqtisadi artımı 5,5%, Ermənistanın isə 4,9% səviyyəsində gözlənilir. 2025-ci ilin avqustunda Ermənistan və Azərbaycan arasında əldə olunan ilkin sülh razılaşması Cənubi Qafqazda regional sabitliyin möhkəmlənməsinə və iqtisadi inteqrasiyanın dərinləşməsinə töhfə verə bilər.

Avropa və Mərkəzi Asiya regionunda 2025-ci ildə iqtisadi artım tempi istehlakın azalması və xarici qeyri-müəyyənlik səbəbindən 2,4%-ə qədər yavaşıyıb, inflyasiya isə mərkəzi bankların hədəf səviyyələrini üstələyib. 2026–2027-ci illər üçün proqnoz isə daxili tələbin sabit qalacağını və texnologiyaların tətbiqi, həmçinin regional inteqrasiyanın iqtisadi artımı dəstəkləyəcəyini göstərir.