Ötən ilin 9 ayı ərzində TDT ölkələrinin ÜDM-i 1,79 trilyon dollara çatıb

11:32 - 7.01.2026


7 yanvar, Fineko/abc.az. 2025-ci ilin ilk doqquz ayı ərzində Türk Dövlətləri Təşkilatı (TDT) ölkələrində Ümumi Daxili Məhsul (ÜDM) artım tempi təxminən 6 faiz təşkil edib ki, bu da qlobal iqtisadi artımın təxminən 3 faizlik səviyyəsindən xeyli yüksəkdir.

Bu barədə ABC.AZ İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Türk iqtisadi icmalı”nın 2025-ci ilin yanvar–sentyabr dövrünün nəşrinə istinadla xəbər verir.

Hesabat dövründə TDT ölkələrinin ümumi ÜDM-i 1,79 trilyon ABŞ dollarına çataraq qlobal ÜDM-in təxminən 2 faizini formalaşdırıb. Qırğızıstanda ÜDM artımı təxminən 10 faiz, Özbəkistanda 7,2 faiz, Macarıstanda 6,5 faiz, Şimali Kiprdə 6,4 faiz, Qazaxıstan və Türkmənistanda isə təxminən 6,3 faiz səviyyəsində qeydə alınıb.

Türkiyədə iqtisadi artım 4 faiz ətrafında formalaşıb. Azərbaycanda isə 1,3 faizlik iqtisadi artım təmin olunub.