Paşinyan: Gürcüstan üzərindən Azərbaycan neft məhsullarının tranzitində problemlər yaranıb

16:30 - 19.12.2025


19 dekabr, Fineko/abc.az. Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstan üzərindən Azərbaycandan Ermənistana neft məhsullarının tədarükündə Tbilisinin müəyyən etdiyi tariflərlə bağlı problemlərin olduğunu təsdiqləyib.

ABC.AZ xəbər verir ki, jurnalistlərlə söhbətində Paşinyan Azərbaycanın neft məhsullarının alınması üzrə əməkdaşlığın davam etdirilə biləcəyini qeyd edib, lakin “Gürcüstan ərazisindən keçən tranzit rüsumları ilə bağlı müəyyən məsələlərin mövcud olduğunu” vurğulayıb.

O, bu problemlərin həll olunacağına ümid etdiyini bildirib.

Qeyd edək ki, dekabrın 18-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Ermənistana 22 sistern vasitəsilə 1220 ton Aİ-95 markalı benzin tədarük edib.