Bu qərar ilk növbədə fiziki şəxs sahibkarların vergi yükünü azaldır - Millət vəkili

11:24 - 24.11.2025


24 noyabr, Fineko/abc.az. (Özəl Xəbər)  2026-cı ildən etibarən sadələşdirilmiş vergi məqsədləri üçün dövriyyə həddinin 200 min manatdan 400 min manatadək nağdsız dövriyyə üçün genişləndirilməsi həm fiziki şəxs sahibkarlar, həm də bütövlükdə iqtisadiyyat üçün əhəmiyyətli bir addımdır.

Bu dəyişiklik o deməkdir ki, daha çox mikro və kiçik biznes yüksək dövriyyəyə qədər sadələşdirilmiş vergi rejimində qala, ƏDV və əlavə uçot öhdəliklərinə məruz qalmadan fəaliyyətini genişləndirə biləcəklər.

Bunu ABC.AZ-a açıqlamasında millət vəkili Tahir Mirikişili deyib, o əlavə edib ki, bu qərar ilk növbədə fiziki şəxs sahibkarların vergi yükünü və administrativ xərclərini azaldır:

"ƏDV qeydiyyatına məcburi keçidin gecikdirilməsi onlara imkan verir ki, kölgə sxemlərinə getmədən - rəsmən 400 min manatadək nağdsız dövriyyə ilə işləsinlər. Nəticədə xalis gəlir artır, biznesin böyüməsi üçün psixoloji və fiskal baryerlər zəifləyir. Eyni zamanda, yeni hədd nağdsız ödənişlərin təşviqi baxımından da güclü stimuldur. Sahibkar üçün ödənişi kartla, POS üzərindən qəbul etmək daha sərfəli olur, bu isə həm kölgə iqtisadiyyatının daralmasına, həm də bank sisteminin resurs bazasının genişlənməsinə gətirib çıxarır. Nağdsız hesablaşmalar artdıqca vətəndaşların maliyyə inklüzivliyi, kredit tarixçəsinin formalaşması, ümumən banklarla münasibətləri də müsbət istiqamətdə inkişaf edir. İstehlakçıların özləri üçün də dolayı müsbət təsirlər gözlənilir. Sadələşdirilmiş rejimdə qalan obyektlərin vergi yükünün nisbətən yüngül olması rəqabətli bazarlarda qiymət artımının məhdudlaşmasına, bəzi hallarda isə qiymətlərin aşağı düşməsinə şərait yarada bilər. Nağdsız ödəniş mədəniyyətinin və qəbz tələb etmə vərdişinin güclənməsi isə istehlakçı hüquqlarının qorunmasını daha da asanlaşdırır".

Makroiqtisadi səviyyədə bu addım kölgə iqtisadiyyatının payının azaldılması, vergi bazasının genişlənməsi və şəffaflığın artırılması baxımından önəmlidir deyən T. Mirikişili hesab edir ki, bu günədək dövriyyəsi 200 min manata yaxınlaşanda çətinliklərlə qarşılaşan sahibkar üçün artıq sistemdə qalmaq, tam rəsmi işləmək daha cəlbedici olur: "Qısa müddətdə müəyyən ƏDV gəliri itkisi mümkün olsa da, orta və uzun müddətdə rəsmi dövriyyənin, nağdsız ödənişlərin və ümumi iqtisadi fəallığın artması hesabına dövlət büdcəsinin gəlirlərində artım potensialı formalaşır. Ümumilikdə, sadələşdirilmiş vergi üçün dövriyyə həddinin nağdsız əməliyyatlar üzrə 400 min manata qaldırılması kiçik sahibkar üçün əlavə imkan, istehlakçı üçün daha şəffaf və rəqabətli xidmət mühiti, iqtisadiyyat üçün isə daha çox nağdsız dövriyyə və daha geniş rəsmi vergi bazası deməkdir. Bu qərar Azərbaycanın vergi sistemini həm biznesin inkişafı, həm də şəffaflıq və nağdsız iqtisadiyyat məqsədləri baxımından daha rəqabətqabiliyyətli edir".

Müəllif: Elmir Muradov