Azərbaycanla əməkdaşlığın genişləndirilməsi üçün daha fəal plan hazırlamaq vacibdir - Nazir

15:38 - 24.10.2025


24 oktyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Serbiya Baş nazirinin birinci müavini, maliyyə naziri Sinişa Mali Azərbaycanın maliyyə naziri Sahil Babayevlə görüşüb.

ABC.AZ xəbər verir ki, görüş zamanı serb nazir bir sıra vacib məsələlərə toxunub.

O qeyd edib ki, perspektivli əməkdaşlıq sahələrinə energetika, tikinti, hərbi-iqtisadi qarşılıqlı fəaliyyət, informasiya-kommunikasiya texnologiyaları, əczaçılıq, maşınqayırma və kənd təsərrüfatı, həmçinin dövlət idarəçiliyinin rəqəmsallaşdırılmasında təcrübə mübadiləsi daxildir.

S.Mali, həmçinin Ticari-İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın doqquzuncu iclası çərçivəsində keçirilən Serbiya-Azərbaycan biznes forumunun əhəmiyyətini qeyd edib, forumda Serbiyanın 50 və Azərbaycanın 20 şirkətinin iştirak etdiyini bildirib.

"Belə tədbirlər hər iki ölkənin investisiya potensialının təqdim edilməsi üçün əla fürsətlər yaradır. İndi əməkdaşlığın genişləndirilməsi üçün daha fəal və praktiki plan hazırlamaq vacibdir", - nazir əlavə edib.