"Anglo Asian Mining" şirkətinin Azərbaycanda qızıl hasilatından əldə etdiyi gəlir 3,1 dəfə artıb

15:08 - 25.09.2025


25 sentyabr, Fineko/abc.az. Böyük Britaniyanın "Anglo Asian Mining" (AAM) şirkətinin 2025-ci ilin birinci yarısında Azərbaycanda qızıl hasilatından əldə etdiyi gəlir 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,1 dəfə artaraq 40,9 milyon ABŞ dolları təşkil edib.

ABC.AZ 2025-ci ilin ilk altı ayı üzrə Azərbaycandakı fəaliyyətinin aralıq nəticələrini dərc edən şirkətə istinadən xəbər verir ki, gəlir artımı bütün emal müəssisələrinin dövr ərzində fasiləsiz işləməsi ilə bağlıdır və bu, daha yüksək istehsal həcmini və yüksək əmtəə qiymətlərini təmin edib.

Şirkətin 2025-ci ilin birinci yarısında vergiyə cəlb olunmadan əvvəlki mənfəəti 7,1 milyon ABŞ dolları olub (2024-cü ilin analoji dövründə 5,5 milyon ABŞ dolları olub). AAM-in nəzərdən keçirilən dövr üçün ümumi mənfəəti isə 13,8 milyon ABŞ dolları təşkil edib (bir il öncə 1,7 milyon dollar zərər olub).

2025-ci ilin birinci yarısında şirkətin maliyyə xərcləri daha yüksək borclanma xərcləri səbəbindən 2024-cü ilin eyni dövrü ilə müqayisədə 41,7 % artaraq 1,7 milyon ABŞ dolları olub.