AİH Çinin ən böyük holdinqi SASAC ilə birgə layihələri müzakirə edir

12:28 - 23.09.2025


23 sentyabr, Fineko/abc.az. Dövlət müəssisələrinin transformasiyası və xarici sərmayələrin cəlbi əsas hədəfimizdir.

ABC.AZ xəbər verir ki, bunu Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Baş icraçı direktorun müavini Anar Novruzov Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun (AIIF-2025) ikinci günündə çıxışı zamanı deyib.

A. Novruzov bildirib ki, 2020-ci ilin avqustunda iqtisadi islahatlar çərçivəsində yaradılan AİH ölkənin ən iri dövlət müəssisələrini idarə edir. Onun sözlərinə görə, ikinci mühüm istiqamət isə xarici investisiyaların cəlbidir: "Yaxın Şərqdən tərəfdaşlarımızla 1 milyard ABŞ dolları həcmində birgə investisiya platforması yaratmışıq. Bunun 500 milyon ABŞ dolları Azərbaycan, 500 milyon ABŞ dolları isə BƏƏ-nin aparıcı holdinqi olan ADQ-yə ("Əbu-Dabi İnkişaf Holdinq Şirkəti")  məxsusdur. Həmçinin "Samruk-Kazına" ilə 300 milyon ABŞ dollarlıq fond təsis edilib. Bu, başlanğıcdır, investisiya layihələri üzrə siyahı formalaşdırılır, maliyyə sektorunda yeni memorandumlar imzalanıb".

A. Novruzov qeyd edib ki, Çinlə də sıx əməkdaşlıq qurulub: "Çinin ən böyük holdinqi SASAC ilə birgə layihələr müzakirə olunur: "FiberHome" və "Xinhua Group" kimi şirkətlərlə potensial investisiya layihələri gündəmdədir".

O, sonda əlavə edib ki, AİH-nin əsas məqsədi dövlət müəssisələrinin dəyərini artırmaq, məlumatların idarə edilməsini gücləndirmək və strateji tərəfdaşlarla əməkdaşlıq vasitəsilə xarici sərmayəni Azərbaycana cəlb etməkdir. © Report