Ələt beynəlxalq hava limanının inşası gələn ilin sonuna qədər başa çatacaq

10:21 - 23.09.2025


23 sentyabr, Fineko/abc.az. Bakının Qaradağ rayonunda - Ələt Azad İqtisadi Zonasında beynəlxalq hava limanının inşası gələn ilin sonuna qədər başa çatdırılacaq, aeroportun açılışı isə 2027-ci ilin I rübündə baş tutacaq.

ABC.AZ xəbər verir ki, bunu "Silk Way West Airlines" aviaşirkətinin prezidenti və baş icraçı direktoru Volfqanq Mayer Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF 2025) bildirib.

"Ələtdə hava limanının tikintisinə 2023-cü ilin sonunda başladıq. Azad ticarət zonası və azad iqtisadi zonada yüklərin aviadaşınması və logistikasının bütöv bir ekosistemi yaradacağıq. Bu, iqtisadiyyata, nəqliyyatın əlçatanlığına və bu ölkədə logistika sektorunun inkişafına böyük təkan verəcək. Bu, "yaşıl" hava limanı olacaq. Damlarda günəş panelləri quraşdırılacaq, xidmət avadanlığı isə elektriklə təchiz ediləcək. Bu, gələcəyin hava limanı, dörd kilometrlik uçuş-enmə zolağı olan yük daşınması üçün istifadə edilən "yaşıl" hava limanı olacaq", - şirkət prezidenti əlavə edib. © Report