Rəqəmsal transformasiya Azərbaycan üçün əsas prioritetdir - Samir Şərifov

12:03 - 22.09.2025


22 sentyabr, Fineko/abc.az. Rəqəmsal transformasiya Azərbaycan üçün əsas prioritetdir.

ABC.AZ xəbər verir ki, bunu Baş nazirin müavini Samir Şərifov Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF 2025) deyib.

Onun sözlərinə görə, ideya və innovasiyaların inkişafına dəstək verən əsas alətlərdən biri fikir mübadiləsidir: "Bu kimi investisiya forumları məhz belə fikir mübadiləsi üçün çox yaxşı platformadır".

S. Şərifov forumun gündəliyində müxtəlif nazirliklərin yüksək vəzifəli nümayəndələrinin iştirak edəcəyi bir sıra panel müzakirələrinin yer aldığını diqqətə çatdırıb: "Xüsusilə rəqəmsal transformasiya paneli Azərbaycanın bu sahədə təşəbbüslərinin təqdim olunacağı mühüm platforma olacaq".

Baş nazirin müavini əlavə edib ki, Azərbaycan bu istiqamətdə genişmiqyaslı tədbirlər həyata keçirir: "Bu sahədə bir çox işlər görürük – müxtəlif biznes inkubatorlarının yaradılması, hökumət dəstəkli proqramlar vasitəsilə startaplara xüsusi dəstək, eləcə də təhsilə yatırılan investisiyalardır".

S. Şərifov sonda Azərbaycanda rəqəmsal transformasiya və təhsil sahəsində atılan addımların davam etdiriləcəyini vurğulayıb. © Report