Altı ayda Azərbaycana səfər edən turistlərin sayı 11.5 faiz azalıb

10:22 - 31.07.2025


31 iyul, Fineko/abc.az. 2025-ci ilin ilk yarısında Azərbaycana istirahət və əyləncə məqsədi ilə səyahət edən turistlərin sayı illik müqayisədə 11.5% azalıb.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ilk 6 ayda ümumilikdə ölkəyə 521 min nəfər sırf turizm məqsədi ilə gəlib. Öncəki ilin eyni dövründə 589 min nəfər idi.

Ümumi enişə əsas səbəb Rusiya Federasiyası və Hindistan gələn turistlərin azalmasıdır. Məsələn, hesabat müddətində Rusiyadan 115 mindən çox turist bu məqsədlə səfər edib ki, bu da öncəki ilin eyni dövründən 55 min və ya 32% azdır. Eyni müddətdə Hindistandan gələnlərin sayı 13 min və ya 12 faiz azalmaqla 98 minə düşüb. Öncəki ildə Cənubi Asiya ölkəsindən 112 minə yaxın turist gəlmişdi.

Maraqlıdır ki, hər iki ölkə üzrə spesifik geosiyasi və ictimai səbəblər olub. Azərbaycan təyyarəsinin Rusiya üzərində vurulmasından sonra, iki ölkə arasında siyasi gərginlik artıb. Azərbaycana viza tələb olunmayan qaydada gələn Rusiya vətəndaşları və Rusiyada daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti bir təqvim ili ərzində 180 gündən 90 günə endirilib. Rusiya özü bu qaydanı hələ Azərbaycan tətbiq etmədən öncə həyata keçirmişdi.

Azərbaycana bu məqsədlə gələn turistlərdə Rusiyanın payı son bir ildə 29 faizdən 22 faizə düşüb.