16:54 - 30.07.2025
30 iyul, Fineko/abc.az. Artıq Azərbaycanın sənaye məhsullarının dünyanın 70-dən çox ölkəsində “Made in Azerbaijan” brendi adı altında satışı həyata keçirilir.
ABC.AZ xəbər verir ki, bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) mətbuat katibi Elçin Kazımov bildirib.
O qeyd edib ki, ixrac ölkələrimizin sayında hər il artım müşahidə edilir. "Məsələn, ötən il sənaye zonalarında istehsal edilən məhsulların ilk dəfə olaraq Cənubi Afrika, Yəmən, Argentina və s. ölkələrə ixracına başlanıldı. Həmçinin 2024-cü ildə sənaye zonalarında istehsal edilən yeni növdə məhsulların da ilk dəfə ixracı həyata keçirilib. Misal üçün qeyd edim ki, Azərbaycan ilk dəfə olaraq ötən il elektrod, divar kağızlarının, müxtəlif növ ayaqqabıların və s. məhsulların ixracına başladı. Belə ki, əvvəllər ölkəmizdə bu növ məhsullara olan tələbat idxal hesabına ödənilirdisə, artıq sənaye zonalarımızda istehsal hesabına Azərbaycan bu məhsulların ixracatçısına çevrilib. Bu da ölkəmizdən valyuta çıxmasının qarşısını almağa, ixrac imkanlarımızın genişləndirməsinə təkan verir”.
Gəncə ətrafı bölgədə yeni sənaye parkının yaradılması nəzərdə tutulur
E. Kazımov bəzi statistik göstəriciləri diqqətə çatdırıb: “Sənaye zonalarında ilk məhsul istehsalına 2015-ci ilin sonlarından Sumqayıt Kimya Sənaye Parkında başlanılıb. 2015-ci ildən 2025-ci ilin I yarısı daxil olmaqla sənaye zonalarında 17,2 milyard manatlıq məhsul satışı həyata keçirilib, bunun da 5,53 milyard manatlıq hissəsi ixrac edilib. 2025-ci ilin I yarısı ərzində sənaye zonalarında 1,83 milyard manatlıq satış həyata keçirilib, bunun da təxminən 583,5 milyon manatlıq hissəsi ixracın payına düşür. Ötən ilin analoji dövü ilə müqayisədə satış 28,7%, ixrac isə 22,4% artıb. Sahibkarlar tərəfindən sənaye zonalarına 6,9 milyard manatdan çox investisiya yatırılıb və 10 900-dən artıq daimi iş yeri yaradılıb”.
“Bütün deyilənlərdən bir daha aydın olur ki, sənaye zonaları iqtisadiyyatın şaxələndirilməsi baxımından əlverişli platformadır. Sənaye zonalarının yaradılması məsələsi dövlət başçısının səlahiyyətində olan məsələdir. Yaxın vaxtlarda Gəncə ətrafı bölgədə yeni bir sənaye parkının yaradılması nəzərdə tutulur”, - E. Kazımov qeyd edib. (Trend)
18 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026