16:50 - 30.07.2025
30 iyul, Fineko/abc.az. İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) ən böyük hədəflərindən biri Azərbaycanı idxalçı ölkədən ixracatçı ölkəyə çevirməkdir. Bu sahədə də böyük uğurlar əldə edilib. Sənaye parklarında fəaliyyət göstərən müəssisələrin təqribən 50 faizdən çoxu məhsul ixracı ilə məşğul olur. Təxminən 100 çeşiddən çox məhsul xarici bazara satılır.
ABC.AZ xəbər verir ki, bu sözləri İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) mətbuat katibi Elçin Kazımov bildirib.
O, müsahibəsində Azərbaycanda mövcud 13 sənaye zonasında indiyədək əldə edilən uğurlar, qarşıya qoyulan hədəflər, yerli və xarici investorlar üçün mümkün xüsusi güzəştlərin tətbiqi imkanları, eləcə də agentliyin Azərbaycanın azad edilmiş ərazilərində fəaliyyət istiqamətinin şaxələndirilməsi ilə bağlı sualları cavablandırıb.
Qurum sözçüsü əvvəlcə agentliyin tabeliyində olan sənaye zonalarında görülən işlərdən və orta müddətli dövr üçün hədəflərdən danışıb. O bildirib ki, son dövrlərdə Azərbaycanda sənayeləşmə siyasətinə uyğun olaraq sənaye zonalarının yaradılması istiqamətində işlər uğurla davam etdirilir: “Sənaye zonaları ölkəmizdə sahibkarların investisiya yatırmaları baxımından ən əlverişli investisiya məkanıdır. Dövlət tərəfindən sahibkarlar üçün bir çox stimullaşdırıcı tədbirlər həyata keçirilir. Hazırda Azərbaycanda 13 sənaye zonası fəaliyyət göstərir. Bunlardan 9-u sənaye parkı (Sumqayıt Kimya, Qaradağ, Mingəçevir, Pirallahı, Balaxanı, Hacıqabul, Naxçıvan, Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları) 4-ü isə sənaye məhəlləsi (Masallı, Neftçala, Sabirabad, Şərur sənaye məhəllələri) statusundadır.
13 sənaye zonasından 11-nin (Balaxanı Sənaye Parkı və Şərur Sənaye Məhəlləsi istisna olmaqla) idarəçiliyi İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən həyata keçirilir. Sənaye zonaları yaradıldığı müddətdən etibarən qeyri-neft sənayesinin inkişaf etdirilməsinə, iqtisadiyyatın diversifikasiyasının sürətləndirilməsinə müsbət təsir göstərməyə başlayıb. Bu uğurlu nəticələri yeni növ məhsulların istehsalına başlanılmasında, yeni iş yerlərinin yaradılmasında, ölkənin ixrac imkanlarının genişləndirilməsində görə bilərik”. (Trend)