Azərbaycan Mərkəzi Bankı inflyasiya proqnozlarını yeniləyib

10:18 - 23.07.2025


23 iyul, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankının (AMB) yenilənmiş proqnozlarına görə, illik inflyasiyanın 2025-ci ildə 5,7 %, 2026-cı ildə isə 5,3 % ətrafında olacağı gözlənilir.

Bu barədə ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir.

Qeyd edək ki, bu ilin aprel ayında qurum illik inflyasiyanın 2025-ci ildə 5,3 %, 2026-cı ildə isə 4,3 % ətrafında olacağını açıqlamışdı.

"Cari ildə inflyasiya proqnozunun davamlı olaraq hədəfdə qalması və valyuta bazarında sabitliyin davam etməsi pul siyasətinin yumşaldılması üçün zəmin yaradır. Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarlar faktiki və proqnozlaşdırılan inflyasiya, xarici və daxili risk amillərinin dinamikasından asılı olaraq veriləcək. AMB bundan sonra da qiymət sabitliyini təmin etmək üçün sərəncamındakı bütün vasitələrdən istifadə etməyə davam edəcək", - deyə qurum bəyan edib.

Bundan başqa, açıqlamada deyilir ki, illik inflyasiya proqnozlaşdırılan trayektoriya ilə hərəkət edir. 2025-ci ilin iyununda 12 aylıq inflyasiya 6 % təşkil edib. İllik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 7 %, ödənişli xidmətlər üzrə 7,2 %, qeyri-qida məhsulları üzrə isə 2,8 % olub. İllik baza inflyasiya isə 4,8 % təşkil edib.

Son aylarda xarici amillər üzrə qeyri-müəyyənliklər qalsa da, onların inflyasiyaya artırıcı təsiri əhəmiyyətli olmayıb. Beynəlxalq Valyuta Fondunun məlumatına görə, 2025-ci ilin iyununda əmtəə qiymətləri indeksi illik 0,6 %, o cümlədən ərzaq qiymətləri indeksi 4,2 % azalıb.