“Moody’s Ratings” Azərbaycanın kredit reytinqini investisiya səviyyəsinə yüksəldib

16:36 - 4.07.2025


4 iyul, Fineko/abc.az. “Moody’s Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın  kredit reytinqini “Ba1” səviyyəsindən “Baa3” səviyyəsinə (investisiya səviyyəsi) yüksəldərək reytinq üzrə proqnozu “müsbət” saxlayıb.

ABC.AZ xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən verilən məlumatda bildirilir.

“Moody’s”in yaydığı məlumatda qeyd olunur ki, yeni reytinq üzrə müsbət proqnoz ölkədə davam etdirilən islahatların fonunda iqtisadiyyatın və fiskal sahənin neft-qaz sektorundan asılılıq gözləntilərinin azalmasını əks etdirir.

Həmçinin pul-kredit siyasətinin təkmilləşdirilməsi, maliyyə sektorunda tənzimləmələr, dövlət maliyyə idarəçiliyi və ictimai inzibati proseslərdə şəffaflığın artırılması istiqamətində aparılan islahatlar institusional idarəetmənin daha da yaxşılaşacağına əsas verir.

Aşağı borc yükü və xalis aktivlərin mövqeyi ilə güclü hökumət balans hesabatı, həmçinin çox yüksək borc ödəmə qabiliyyəti ölkənin güclü tərəfləri olaraq qalır.

Agentlik qeyd edir ki, Azərbaycanın güclü fiskal mövqeyi, möhkəm makroiqtisadi sabitliyin qlobal şoklar və neft qiymətlərinin dəyişkənlik dövründə davamlı olaraq qorunması fiskal dayanıqlığı daha da möhkəmləndirməkdədir.