Dövlət Neft Fondu BƏƏ şirkətinə 50 mln. dollar investisiya yatırıb

10:42 - 29.05.2025


29 may, Fineko/abc.az. Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Əbu-Dabidə yerləşən, qlobal alternativ investisiya şirkəti olan “Lunate Capital” (“Lunate”) tərəfindən idarə olunan ixtisaslaşmış investisiya fondu vasitəsilə “ADNOC Gas Pipeline Assets LLC” (AGPA) şirkətinə 50 milyon dollar həcmində investisiya yatırıb.

ABC.AZ Fondun yaydığı məlumata istinadən xəbər verir ki, bu investisiya ARDNF-ın dayanıqlı və gəlir gətirən infrastruktur aktivlərinə yatırımlar vasitəsilə portfel diversifikasiyası strategiyasına uyğun olaraq həyata keçirilmiş və Fondun Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) regionu ilə iqtisadi əlaqələrinin daha da genişləndirilməsinə yönəlib.

Sözügedən yatırım, “Lunate” şirkətinin özəl bazar investisiyaları üzrə dərin təcrübəsi və güclü əlaqələri vasitəsilə reallaşdırılıb ki, bu xüsusiyyətlər şirkətin müştəriləri üçün cəlbedici investisiyalar təqdim etməsinə imkan yaradır.

AGPA Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ən mühüm enerji infrastrukturu obyektlərindən biridir və ölkənin enerji ekosisteminin dayanıqlı fəaliyyətində mühüm rol oynayır. AGPA və ADNOC arasında imzalanmış uzunmüddətli istifadə müqaviləsi qaz nəqli üçün təsbit edilmiş həcm əsasında davamlı və proqnozlaşdırılabilən gəlir axınını təmin edir. AGPA qlobal enerji bazarlarının qeyri-sabit dövrlərində belə stabil maliyyə və əməliyyat göstəricilərini qoruyub saxlayıb. Uzunluğu 982 kilometr təşkil edən AGPA şəbəkəsinə 38 boru kəməri daxildir ki, onlardan 12-si satış qazına, 15-i qaz injeksiyasına, 11-i isə maye qazın daşınmasına xidmət edir.