Azərbaycanın xarici borcu necə qaytarılacaq?

16:59 - 10.04.2025


10 aprel, Fineko/abc.az    2024-cü ildə ümumi dövlət və dövlət zəmanətli borcun həcmi ÜDM-in 27,6 %-nə bərabər olub.

ABC.AZ xəbər verir ki, IMF-nin məlumatına əsasən, rəsmi statistikaya görə, bu il yanvarın 1-nə Azərbaycanın dövlət borcu 27,43 milyard manat təşkil edib. Bunun 8,77 milyard manatı (5,129 milyard ABŞ dolları) xarici borcun payına düşür ki, bu da ÜDM-in 6,9 %-i qədərdir. Daxili borcun həcmi isə 18,7 milyard manat və ya ÜDM-in 14,8 %-ni təşkil edir.

Xarici borcun ödəniş müddətlərinə görə strukturuna baxdıqda, 49 %-nin növbəti 5 il ərzində, 44,9 %-nin 5 ildən 10 ilə qədər, 6,1 %-nin isə 10 ildən artıq müddətdə ödənilməsi planlaşdırılır.

Kreditorlar üzrə bölgüyə əsasən, xarici borcun 63,3 %-i çoxtərəfli maliyyə institutlarının, 27 %-i beynəlxalq bazarlarda yerləşdirilmiş avroistiqrazların, 9,7 %-i isə ikitərəfli maliyyə institutlarının payına düşür. Azərbaycanın ən böyük xarici kreditoru Asiya İnkişaf Bankıdır (35,1 %). Onu avroistiqraz sahibləri (27 %) və Dünya Bankı (15,8 %) izləyir.